Bu gün Azərbaycanın müstəqilliyini
bərpa etməsindən 31 il keçir.
Azərbaycan
Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə
bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının
1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan
Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq
və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan
Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər
tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan
Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis
edir.
1991-ci il dekabrın 29-da
Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual
yazılıb: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan
Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı
yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.
1992-ci ilin mayında
Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi
Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində
alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqlənib.
1992-ci ildən 18 oktyabr
Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi bayram edilib.
2006-cı ilə qədər 18
oktyabr ölkədə qeyri-iş günü olub.
2006-cı ilin dekabrında
Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18
oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr
- Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.
Milli Məclisin 2021-ci il
oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın
28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan
edilib. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18
oktyabr) iş günü olan bayramdır.
Buna qədər Azərbaycanda
28 May - Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd
olunurdu.