Şuşa +10 °C  
BİR QAVALIN FACİƏSİ

BİR QAVALIN FACİƏSİ

28 il Şuşasız.  Şuşalı  Elşən Muradov deyir ki,  şuşasızlığı çəkməyən bilməz.  Bu illər ərzində Şuşalı günlərini ona ən çox xatırladan atasından qalan qaval olub. Deyir,  maddi dəyərini bilmirəm, bəlkə də bahadır, amma mənəvi dəyəri onun üçün əvəzolunmazdır.  

Ata  yadigarı

Bu qavalın hazırlanma tarixi məlum deyil. Amma 70 ildir bizdədi. 50-ci illərdə Flora Kərimovanın babası, rəhmətlik Abuş kişi Şuşada “Şur” ansambılı yaradıb. Onun ilk oxuyanlarından biri  atam İmran Muradov, digələri Məşədi Bəylərin oğlu Kamil əmi, bir də Şuşanın Xəlfəli kəndindən olan Xəlfəli Misir deyirdilər, Misir əmi olub. Gözəl səsi olub atamın. Atası müharibədən qayıtmadığına görə ailənin bütün yükü onun üzərinə düşdüyündən sənətin arxasınca gedə bilməyib. Bu qaval da atamdan qalıb mənə yadigar.  Üzlüyü  balıq dərisindədir. Mütəxəssis olsa qavalın dəqiq tarixini deyə bilər. Məcburi köçkünlük vaxtı çox isti yerlərdə olduq. Düşünməyin ki, unudulmuşdu, yox, sadəcə qayğılar çox idi, qavalın qabını açıb baxmağa zamanım qalmırdı.  Bir də açdım ki, elə bil dərisini kimsə kəsib.


“Sanki qaval da bu illər ərzində məcburi köçkünlüyü hiss edib”

Bu qaval Şuşa havasına öyrəşmişdi. Şuşada bu cür musiqi alətləri heç vaxt köhnəlməz, çürüməz. Amma yerimizi tez-tez dəyişdiyimizdən qaval Şuşanın havasından olduğu kimi, qayğıdan da ayrı qaldı. Sanki qaval da bu illər ərzində məcburi köçkünlüyü hiss edib. Bir çox sənətkarların qapısını döyümüşəm ki, qavalı bərpa etdirim, amma həqiqi dəri tapa bilmirəm. İşinin ustası  olan bir nəfər var, söz verib ki, qavalı üzləyəcək. Mənə elə gəlir bu qaval  Məşədi İsi, Keçəçi oğlu  Məhəmmədin dövründən qalıb.


“Bir iranlı qavala çox pul təklif etdi...”

Qavala çox müştəri düşüb. Məcburi köçkünlüyümüzn ilk illərində pula-paraya ehtiyacımız  vardı. Atam da hələ sağ idi. Təkliflər atamın sağ vaxtında da olub. Atam rəhmətə gedəndən sonra da olub. Hətta bir iranlı çox pul təkilf etdi. Bir anlığa qavalı başqa ölkədə,  başqa insanların əlində düşündüm və  yox dedim.  Peşiman deyiləm, ata yadigarı olan qaval bizdədi.  Qaval qaramalın buynuzundan hazırlanıb. Ağacı dağdağandır. Dağdağan ağacı da bilirsiniz ki,  bizdə inanc yeridi, ziyarət edirlər, göz qaytarıcıdı, uşağın üstündən də asırlar.


Müqəddəs arzu...

Qavaldan özüm də istifadə edə bilirəm. Ola bilər nə vaxtsa ifa edim. Amma bir arzum var,  Allah qoysa Şuşaya qayıdanda qavalı təmənnasız Tarix muzeyinə təhvil verəcəm.  Qoy, gələcək nəsillər də görsün. Bu başıbəlalı qaval, axı həm də Şuşanın tarixidi...