Şuşa +17 °C  
28 il sandıqda qalan xalça

28 il sandıqda qalan xalça

Qəmər Nəsirova Şuşanın işğalından bir neçə gün sonra Şırlan kəndini tərk edib.  Deyir ki, çox əşya götürə bilməyib, amma sandıq və xalçanı orda qoymağa əli gəlməyib: 


“Xalçanı 1973-cü ildə qayınanam öz əlləri ilə toxuyub, rənglərini də özü hazırlayıb.  Bizim üçün toy hədiyyəsi etmişdi.


Sandığı isə anam cehiz vermişdi.  Bu əşyalara baxanda keçmiş xatirələr, ailəmiz yadıma düşür. Çox böyük ailəmiz var idi. Qayınanamgillə bir yerdə olurduq. 6 il bir yerdə yaşadıq. Yenicə ayrı evə çıxmışdıq ki,  Şuşa işğal olundu. Mən, həyat yoldaşım 2 körpə uşaqla şəhəri tərk etdik. Şükürlər olsun ki, Şuşa bu gün azaddı.  Sandığı  təmir edib, xalça ilə bir yerdə Şuşaya aparmaq istəyirəm. 



Şuşa deyəndə dilim-dodağım əsir, gözüm dolur. İşğaldan azad olunandan sonra getdim Şuşaya. Ziyarət etdik. Bəlkə bir yeri 10 dəfə ziyarət etdik. Tezliklə Şuşaya - kəndimizə, evimizə qayıtmağı və həyatımızı yenidən davam etdirməyi arzulayıram.  Evimizin sənədlərini, açarlarını da saxlayırdım.


Biz Naftalandan köç edəndə qarışıqlığa düşdü.  Təəssüf ki, açarlar orda itdi. Hərçənd ki, ermənilər evləri dağıdıblar, açmağa qapı da yoxdu...”.