İdris Məhərrəmov. Bu ad təkcə şuşalılara, qarabağlılara deyil, Azərbaycanda çoxlarına tanışdır. Xüsusilə də tarzənlərə.
İdris Məhərrəmov 1941-ci ildə Şuşanın Xəlfəli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra musiqiyə olan həvəsi onu ali məktəbə qədər aparır. Amma ailənin maddi cəhətdən imkansızlığı onun bu arzusunu yarımçıq qoyur. Hərbi xidmətdən gələndən sonra isə tar ustası olmağa qərar verir. Şuşa Şərq Milli Musiqi Alətləri Fabrikində işə başlayır. Sənətkarın hazırladığı 11 simlik tarın sədası hər yerə yayılır.
Tarzən Ramiz Quliyev Şuşada olarkən İdris kişini tapıb, ona tar sifariş edir. Azərbaycan muğamını dünyada tanıtdıran tarın üstündə İdris Məhərrəmovun da barmaqları gəzib. İdris Məhərrəmov Şuşanın işğaldan azad olunma xəbərini eşidəndə xəstələnib, yatağa düşmüşdü. Şuşaya getmək ona qismət olmadı, 2021-ci ildə dünyasını dəyişib.
İdris Məhərrəmov haqqında qızı Əminə Abdullayevanın
dedikləri: “Gözümü açandan atamın tar düzəltdiyini, tarda ifa
etdiyini görmüşəm. Taxtanın yonulmasının səsi mənim üçün o qədər doğmadır ki. Uşaqlıqdan
biz o səslə böyümüşük. Atam çox zəhmətsevər insan idi. Ehtiyacı olan adamlar
ondan tar alanda pul götürməzdi, hədiyyə
edərdi.
Mən uşaq olanda deyirdim ki, ay ata, o bahalı sədəfli tarı niyə o adama hədiyyə etdin? Deyirdi ki, qızım görmədin ki, onun geyimi zəif idi. Bəzən musiqi məktəbinə daxil olan uşaqların valideynləri gəlib bizdən tar götürürdülər. Deyirdim ki, ona bir az ucuz tar verərdin. Deyirdi ki, onun da haqqıdır bahalı tar. Tanıyanlar bilir ki, atam çox xeyirxah adam idi. Bu insan sanki yaxşılıq eləmək üçün yaranmışdı”. Ötən əsrin 90-cı illərində Almaniyadan gəlmiş bir jurnalist İdris usta haqqında film çəkmək istəyirmiş: “Elə şəkilləri də Almaniyadan gəlmiş həmin jurnalist çəkmişdi. Amma film çəkilişi baş tutmadı. Müharibə, Şuşanın işğalı buna imkan vermədi. Yadımdadır, böyük hazırlıq işləri gedirdi. Gözəl bir film alınmalıydı. Təəssüf ki, həyatımız kimi film də yarımçıq qaldı”.
Əminə xanım deyir ki, atası bacı və qardaşı üçün də tar düzəldibmiş: “Bizim üçün tar düzəltdi və dedi ki, siz böyüyəcəksiniz, hər birinizin evi olacaq. Bunları eviniz üçün ata hədiyyəsi edirəm.
Bu gün biz həmin alətləri qoruyuruq. Evimizdə ən əziz əşyalardır bu tarlar. Şuşa işğal olunan zaman anam yalnız bu tarları, evimizin sənədlərini və albomu götürüb çıxmışdı. Bu gün də biz bunları qoruyub saxlamışıq. Atam Şuşa işğaldan azad olunan dövrdə xəstə idi. Ən böyük arzusu idi Şuşaya getmək. Atamın arzusunu mən gerçəkləşdirdim. Getdim Şuşaya. Evimizi ziyarət etdim. Hətta bizim evimizin divar kağızları da olduğu kimi qalmışdı. Atamın, anamın ruhuna dualar oxudum. Uçmuş evimizdə namaz qıldım. Elə bil ki, bir az ürəyim rahatladı. Atamın, anamın əlindən tutub çıxdığım Şuşaya atasız-anasız getmək çox ağırdır”.