Şuşa +6 °C  
“Göz yaşlarım tikdiyim paltarların üzərinə axırdı”-Heyvagül Vəliyeva

“Göz yaşlarım tikdiyim paltarların üzərinə axırdı”-Heyvagül Vəliyeva

Heyvagül Vəliyeva Şuşanı tərk edəndə tikiş maşınını da çıxara bilib. Deyir ki, onu 20 yaşı olanda anası hədiyyə edib.

Ailə quranda isə cehiz kimi Şuşaya aparıb və bu tikiş maşını ilə ailənin dolanışığına kömək olub:

“Bu tikiş maşınından Şuşada çox istifadə etmişəm. Süfrələr, paltarlar tikmişəm. Ona görə də Şuşadan məcburi köçkün düşəndə tikiş maşınını birinci götürdüm əlimə. Qınayanlar da oldu ki, ağırdı, neynirsən, mane olacaq. Burdan əsas ailənin salamat  çıxmasıdır. Dedim ki, yox, bu maşın mənə çox kömək olacaq. Axı bilmirdik ki, Şuşadan çıxanda hara gedəcəyik? Şuşaya nə vaxt qayıdacayıq? Ona görə götürdüm. Yaxşı ki, götürdüm.


Allah heç kimə məcburi köçkün olmağı qismət etməsin. Düşərgələrdə yaşadıq, yataqxanalarda qaldıq. Uşaqlar böyüyürlər axı. Bax, bu tikiş maşını ilə onlara paltar tikdim, böyütdüm.  Hər dəfə maşından istifadə edəndə gözümün qabağından anam, atam, Şuşadakı günlərim gəlib keçdi. Göz yaşlarım tikdiyim paltarların üzərinə axırdı. İndi ən böyük arzum Şuşaya, evimə qayıtmaq, tikiş maşınımı isə yenidən pəncərənin qabağına qoymaqdır. Çünki həmişə pəncərənin qabağına qoyurdum”.