Şuşa +16 °C  
“Evin sənədi ürəyimin üstündə idi”

“Evin sənədi ürəyimin üstündə idi”

Özü Laçında doğulsa da, orta məktəbi bitirəndən sonra həyatını Şuşa ilə bağlayıb. 

“Şuşa öz ağuşunu mənə açdı. Orda ailə qurdum, övladlarım oldu. 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdim. İşlədiyim 92 saylı Tikinti İdarəsi arxa cəbhədə fədakarlıq göstərdi”.

Varaşen Mehdiyev Şuşadan çıxdıqları günləri belə xatırlayır: “Şuşadan meşə yolu ilə çıxaraq Laçına gəldik. Laçın da ermənilər tərəfindən işğal olunandan sonra buranı da tərk etməli olduq. Əvvəlcə bizi helikopterlə çıxarmaq istəyirdilər. Sonra məlum oldu ki, ermənilər helikopteri vura bilərlər. Laçından yük maşını ilə çıxdıq”.  

Varaşen kişi deyir ki, Şuşadan çıxanda yalnız evin sənədini götürə bilib: 


“Sənədlər ürəyimin üstündə idi.  Şuşadan çıxanda evimizin qapılarını qıfıllayıb açarları götürdüm. Qapını qıfıllayanda, sənədi götürəndə düşünürdüm ki, şəhəri müəyyən müddətə tərk edirik, qayıdacağıq: “İlk günlərdə Bakıya gəlmək istəmirdim. Deyirdim ki, bu gün qayıdırıq, sabah qayıdırıq. Amma  bu  həsrətimiz az qala 30 il çəkdi. Şuşa sakinləri Azərbaycanın müxtəlif yerlərinə səpələndilər. Çox çətin günlərimiz olub... Şuşamız artıq düşmən tapdağı altında deyil. Şuşaya dönmək istəyirəm, dəfələrlə müraciət etmişəm. İnşallah, abadlaşma işləri bitsin, mən də ora ilk köçənlərdən olacağam”.