Şuşa +9 °C  
Nənə-baba yadigarı

Nənə-baba yadigarı

Əslən Şuşanın Malıbəyli kəndindəndir. 1992-ci ildə anadan olub. Şuşa erməni qəsbkarları tərəfindən işğal olunan ildə. Hazırda Şuşa Şəhər Mədəniyyət Evində işləyir. Təbii ki, bir çoxları kimi Sevinc Quliyeva da Şuşanı şəkillərdə görüb. 

Amma Şuşa ilə bağlı xatirələri çoxdur. Nənə-babasından ona xeyli yadigar qalıb. Deyir ki, nə yaxşı ki, nənə-babası bu əşyaları Şuşadan çıxara bilib: “Məni nənəm Nəzakət Zamanova və babam Ələkbər Zamanov saxlayıb. Ona görə də Şuşadan gətirdikləri əşyaları da mənə yadigar veriblər.

Misal üçün bu güzgü. Tarixi çox qədimdir. Nənəmin cehizliyidir. Elə 70 ildir ki, bizim ailədədir. Güzgü ağırdır. Nənəmdən soruşurdum ki, bunu niyə gətirmisiniz? Deyirdi ki, atam düzəltdirib, ona görə də mənim üçün əziz əşyadır”.



Sevinc xanım babasından qalan jaketi də qoruyub saxlayır: “Baxın bu toxunma jaketə... Babamındır. O vaxt nənəmin nənəsi babam üçün toxuyub. Görürsünüz necə salamat qalıb? Sanki o vaxtın sapları da keyfiyyətli idi. Amma babam bu jaketi Şuşadan çıxandan sonra bir də geyinməyib. Ona görə nənəm sandıqda saxlayırdı ki, nə vaxtsa qayıtsalar orda babama versin.


Kəlağayı isə nənəmə nənəsindən yadigar qalıb, o da mənə verib. Vəsiyyət edib ki, sən də övladlarına verərsən. Atam deyirdi ki, nənən bir gün belə bu kəlağayısız çölə çıxmayıb. Həmişə başında, çiynində olub. Amma mən böyüdükcə bu kəlağayını qarası ilə əvəz etdiyini gördüm. Nənəm və babam hüzn içində idi. Həmişə deyirdilər ki, bizim yarıda qalan ömrümüz Şuşaya qayıdandan sonra davam edəcək. Təəssüf ki, görmədilər. Elə arzulayırdılar ki, bir bilsəniz”.   

Sevinc xanım nənəsindən qalan lampanı da qoruyur. Dediyinə görə, lampanın ən azı 80 yaşı var.


Şuşadan gətirilən armudu samovar isə lap qədimdir: “Armudu samovarı indi tapmaq çox çətindir. Adətən bu samovarlar Şuşada hazırlanırdı. Valideynlərim Şuşada çox istifadə ediblər. İndi də Bakıda mən istifadə edirəm. Hər qaynadanda nənəm, babam, ötən günlər yadıma düşür.

Sevinc Quliyevanın nənəsindən qalan xalçanın həyat hekayəsi isə daha maraqlıdır: “Nənəm ağır xəstəydi. Demək olar ki, son günlərini yaşayırdı. Dedi ki, bu xalçanı  məndən yadigar saxla. Şuşadan gətirəndən ancaq hava vurması üçün açmışam. Yerə belə sərməmişəm ki, təzə qalsın. Şuşaya qayıdanda sərərəm. Amma o günləri mən görmədim, sən görərsən.  Bu xalça nənəmin nənəsinin cehizi olub. Yüzdən çox yaşı var. Əsl Şuşa xalçasıdır, Şuşa naxışlarıdır. İnşallah, nənəmin arzusunu yerinə yetirəcəyəm. Azad Şuşada, evimizdə yerə sərəcəyəm. Çox arzulayıram ki, bu əşyalarla nənəmin ata evinə gedim. Bu əşyaları göz bəbəyim kimi qoruyub saxlamışam. Məndən sonra da övladlarım qoruyacaqlar. Allah bizi Şuşaya yenidən qovuşdurdu. İndi ən böyük arzum dədə-baba yurdumda yenidən yurd salmaqdır”.