Şuşa +18 °C  
Toylar yadigarı və gəbə

Toylar yadigarı və gəbə

“Bəlkə də mənə qəribə baxacaqsınız. Deyəcəksiniz ki, Malıbəylidən çıxanda niyə diplomat çamadanı götürürdün? Başqa dəyərli əşya yox idi? Vardı, amma bu diplomat çamadan Şuşalı günlərimizi xatırladır bizə”.


Şuşanın Malıbəyli kənd  sakini, kənddəki mədəniyyət evinin bədii rəhbəri Rəfael Əlixanov deyir ki,  diplomat çamadanı 28 il əvvəl ermənilər Malıbəylini işğal etməzdən bir neçə gün öncə  başqası ilə yola salıb: “Diplomat çamadanda xeyli şəkil, albom vardı. Fikirləşdim ki, keçmişimizi görmək üçün albom, şəkillər böyük sənəddir. Heç olmasa, bu şəkillərə baxıb, xatirələri yada salarıq. Albomun üstünü cırdım, içindəki şəkilləri diplomat çamadana yığıb, yola saldım. Dedim ki, biz sağ qalmasaq da  kimsə tapıb saxlayacaq.  Bu diplomat çamadan Şuşa zonasında elə bir həyət, elə bir ev yox idi ki, ora aparılmasın. Toy olanda pul yığılardı. Nəmər siyahısı bunun içində olardı. 28 ildir ki, bu diplomat çamadanı saxlayıram. Mənə o günləri, Şuşa toylarını xatırladır”. 

Rəfael Əlixanov bir də bacısının toxuduğu gəbəni çıxarıb Malıbəylidən: “Naxışları Laçın naxışlarıdır. Laçınlı bir qadın toxuyub bu gəbəni. Bir məqamı hələ də təəssüflə xatırlayıram. Ermənilər o vaxt gəlib bizdən köhnə, cırıq-cırıq olan gəbələri alırdılar. Həm də nə qədər qiymət qoysaq, verirdilər. Sən demə, naxışları  özününküləşdirirmişlər. Biz başa düşməmişik”.