36 yaşında Şuşanı tərk edib, indi 66 yaşı var Şükür Nəsibovun. 8-ci sinifdə oxuyanda onun üçün alınmış “Jiquli”ni hələ də göz bəbəyi kimi qoruyur. Deyir ki, 1971-ci ildə istehsal olunmuş avtomobil elə həmin ildə də Şuşaya gətirilib.
Hətta bu avtomobil nəinki Şuşaya, Qarabağa gətirilmiş ilk “Jiquli”dir: “Bu avtomobili 1971-ci ildə 8-ci sinfi bitirəndə dayım hədiyyə etdi. 10-cu sinfi bitirənədək yalnız istirahət günlərində sürməyə icazə verirdilər. Hətta hərbi xidmətdə də 1-2 ay mənimlə bir yerdə olub. Lənkəranda xidmət edirdim. Məzuniyyətə gələndə maşını da aparmışdım. İki ay orda qaldı. Sonra bildilər, qaytardım Şuşaya.
Bu maşınla Rusiyaya da getmişəm. Yevlaxdan Kislovodsk şəhərinə 10 saata çatmışam. Bircə dəfə də olsun bu avtomobillə qəza törətməmişəm. 1989-cu ildə mən maşını tam təmir elətdirdim. Sovet vaxtı avtomobilin nömrəsi 82 51 AZL idi. Sonradan mən də Bakı nömrəsi götürdüm. Maşının əvvəlki rəngi boz olub”.
Həmsöhbətimiz deyir ki, Şuşa işğal olunanda da şəhərdən
bu maşınla çıxıb: “Başqa necə çıxa bilərdim? Avtomobildə 11 nəfər vardı. Öz ailə
üzvlərim, üstəlik də Laçında yaşayan xalam qızları. Uşaqlar onda körpə idi.
Əşya götürmək mümkün deyildi. Elə canımızı götürüb çıxdıq. Amma yolda çətinliklə üzləşdik. Maşınla İsa bulağının
üstünə endik. O vaxtı qaz xətti çəkmək üçün yolu açmışdılar. Ona görə də maşın
çıxmadı, orda qoymalı oldum. Ailəmi də bir cavan oğlana əmanət edib, döyüşə
qayıtdım. Amma tezliklə şəhəri tərk etməli
olduq. Uşaqları qoyduğum yerə qayıtdım. Həmin cavan oğlan orda idi. İnsanlara
kömək edirdi. Dedi ki, sakinlər dikin
başındadırlar. Piyada ora çıxdım, amma uşaqlarımı tapa bilmədim. May ayı
olmasına baxmayaraq, dağlar qar idi, sakinlər də dağlarla gedirdilər. Beləliklə,
ailəmi o izdihamın içində itirdim. Sonra qonşuma rast gəldim. Ondan xahiş etdim
ki, geri qayıdıb avtomobili də qoşqu ilə çəkək. Sağ olsun ki, kömək etdi. Maşını
çəkib, çıxartdıq. Həmin ərəfədə qardaşım
gəlib çıxdı. O da bir maşın yaralı gətirirdi. Qardaşımdan benzin istədim. Dedi
ki, yaralı aparıram, yolda qalaram. Gedək Zarıslı kəndinə, orda sənə yanacaq
verim. Amma yol bağlandı. Qardaşım dedi ki,
yaralılar ölür,
bir yol tapıb çıxmalıyıq. O, yaralılar olan “Kamaz”la düşdü qabağa. Sonra meyit
olan maşın, mənim maşınım, ardınca da digər sakinə məxsus VAZ - 2106. Zarıslı
yolundan çıxandan sonra ermənilər 3 dəfə atəş açdılar. Amma bizi vura bilmədilər.
Və biz gəlib Zarıslıya çatdıq. Orda qardaşım mənə yanacaq verdi. Bir tərəfdən də
ailəmi soraqlaşıram. Dedilər ki, Turşsu kəndi ilə maraqlan. Sakinləri avtobuslarla
ora aparıblar. Getdim Turşsuya. Dedilər ki, Laçına aparılıblar. Mən gəlib ailəmi Laçında tapdım.
Ailəmi tapandan sonra bu maşınla birbaşa Bakıya gəldim”.
Şükür Nəsibov deyir ki, Allah heç kimə öz yurdundan didərgin düşməyi qismət etməsin: “Şəhərdən çıxanda son dəfə həsrətlə baxmışdım (ah çəkir). Çox çətin idi. Ona görə də Şuşadan gələn adi bir əşya belə bizim üçün əzizdir. Bu avtomobilin isə yeri başqadı. Nə qədər də sağam saxlayacağam. İndi ən böyük arzum bu maşınla Şuşaya qayıtmaq, Şuşa yollarında sürməkdi. Maşın da darıxıb Şuşa üçün, o yollar üçün”.
AYTƏN ƏHMƏDOVA, KƏRƏM ƏLƏSGƏROV
Dumanlı Şuşa