Şuşa +9 °C  
30 il qəfəsdə qalan sülh quşu

30 il qəfəsdə qalan sülh quşu

Əvəz Əhmədovun 66 yaşı var. Şuşa ərazi özünümüdafiə taborunda bölük  komandiri olub. Əsl peşəsi neft-qaz mühəndisi olan Əvəz Əhmədov Şuşanın qazla təchizatında yaxından iştirak edib. Ermənilər Şuşaya hücum edəndə isə silaha sarılıb, döyüşüb. Şuşa işğal olunanda hər kəs zəruri əşyaları çıxaranda o da göyərçinləri götürüb.

Deyir ki, Şuşa göyərçinlərinin bildiyimiz digər göyərçinlərdən fərqi boynundakı qara ləkələridir:


“1992-ci il mayın 8-də Şuşanı tərk etdik. Şuşadan çıxanda göyərçinlərdən 27-ni götürə bildim. Lakin Daşaltıdan keçəndə çətinlik yarandı. Çarəsiz qalıb qutuların ağzını açdım və göyərçinləri uçurdum. Dostum Kamranla meşə yolu ilə Zarıslı kəndinə gəldik. Səhərə yaxın, ala-qaranlıq kəndə çatanda gördüm ki, bizi Şuşadan çıxaran maşın kənddədir. Göyərçinlər isə maşının yanında uçuşur. Bu yaradanın mənə mesajı idi.  Ağır günlər olsa da, bu hadisə məni sevindirdi”. Əvəz Əhmədov deyir ki, ilk olaraq İsmayıllıya gəliblər. Tez-tez yaşadıqları yeri dəyişdiklərindən göyərçinlərdən yalnız  14-nü salamat Bakıya gətirə bilib:


“Şuşadan gətirdiyim 14 göyərçin bala çıxardıqdan sonra tələf oldu. Görünür ki, Bakının havasına öyrəşə bilmədilər. Amma yaxşı ki, balaları qaldı. Onlardan da 50 Şuşa göyərçini törəyib. Bu göyərçinlər mənə Şuşanı andırıblar. İndi ən böyük arzum bu göyərçinləri Şuşaya aparıb, orda uçurmaqdır”.