Şuşa +9 °C  
“Şuşanın 270 anı” filminin təqdimat mərasimi keçirilib

“Şuşanın 270 anı” filminin təqdimat mərasimi keçirilib

Noyabrın 5-də Nizami Kino Mərkəzində “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı” filminin təqdimat mərasimi keçirilib.


Təqdimat mərasimində Prezident Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, QHT-lərin, Medianın İnkişafı Agentliyinin nümayəndələri, telekanal və sayt rəhbərləri, deputatlar, jurnalistlər, tanınmış sənət adamları, ictimaiyyət təmsilçiləri iştirak edib.


Mərasimdə çıxış edən “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış aparıcı Lalə Azərtaş görülən işlərlə bağlı məlumat verib. O bildirib ki, layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində https://loveshusha.com adlı sayt yaradılıb. Saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən müharibəsindən sonra qısa müddət ərzində şəhərdə gerçəkləşdirilən layihələrlə bağlı məlumatlar, həmçinin şəhərlə bağlı fotolar və məqalələr toplanıb.

Sonra Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Xəzər Media Mərkəzinin baş direktoru çıxış ediblər.

Tədbirdə, həmçinin layihə çərçivəsində hazırlanan “Şuşa 270” adlı nəşr təqdim edilib. Bildirilib ki, Azərbaycan, ingilis, və rus dillərində yüksək keyfiyyətlə hazırlanan nəşrdə Şuşa sakinləri üçün əziz olan və işğal zamanı bütün təhlükələrə baxmayaraq, şəhərdən çıxardıqları əşyalarla bağlı məlumatlar əksini tapıb.

Təqdimat mərasimində layihə çərçivəsində lentə alınan “Şuşanın 270” anı bədii-sənədli filmi haqqında da məlumat verilib. Vurğulanıb ki, ekran əsəri təxminən 50 nəfərlik yaradıcı heyətin səyi nəticəsində ərsəyə gəlib. Filmdə Natəvanın uşaqlıq illərini Vətən müharibəsi şəhidi Anar Heydərovun qızı Kübra canlandırıb.

Qeyd edək ki, filmin qəhrəmanı 35-36 yaşlı Natəvan adlı xanımdır. Əslən şuşalı olan Natəvan fotoqrafdır və Fransada yaşayır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natəvan öz Vətənində xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. İyirmi yaşında olarkən anasını itirən Natəvan xaricə köçüb. Filmdəki hadisələr Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı dövrdə cərəyan edir. Natəvan ata-baba yurdunu ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı fotosərgi vasitəsilə dünyaya çatdırmaqdır.

Bundan başqa, filmdə real tarixi hadisə, görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu canlandırılıb.

Film daha geniş auditoriyaya ingilis dilində subtitrlərlə yayımlanacaq.

Təqdimatdan sonra çıxışlar olub.

Mərasimin sonunda layihə çərçivəsində lentə alınan “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub.