“Cəmiyyətin
və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi
çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı” filminin təqdimat mərasimi
keçirilib. Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində Prezident
Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin,
QHT-lərin, Medianın İnkişafı Agentliyinin nümayəndələri, telekanal və sayt rəhbərləri,
deputatlar, jurnalistlər, tanınmış sənət adamları, ictimaiyyət təmsilçiləri,
ümumilikdə 500 nəfər iştirak edib. Təqdimat mərasimində layihə çərçivəsində
lentə alınan “Şuşanın 270” anı bədii-sənədli filmi haqqında da məlumat verilib.
Vurğulanıb ki, ekran əsəri təxminən 50 nəfərlik yaradıcı heyətin səyi nəticəsində
ərsəyə gəlib. Filmdə Natəvanın uşaqlıq illərini Vətən müharibəsi şəhidi Anar
Heydərovun qızı Kübra canlandırıb. Qeyd edək ki, filmin qəhrəmanı 35-36 yaşlı
Natəvan adlı xanımdır. Əslən şuşalı olan Natəvan fotoqrafdır və Fransada
yaşayır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natəvan öz Vətənində
xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. İyirmi yaşında olarkən
anasını itirən Natəvan xaricə köçüb. Filmdəki hadisələr Vətən müharibəsində Azərbaycanın
qazandığı böyük Zəfərdən sonrakı dövrdə cərəyan edir. Natəvan ata-baba yurdunu
ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini
və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı fotosərgi vasitəsilə dünyaya
çatdırmaqdır. Bundan başqa, filmdə real tarixi hadisə, görkəmli Azərbaycan şairəsi
Xurşidbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan
və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu canlandırılıb. Filmin geniş versiyasını Lale Azertash yutub kanalından (https://www.youtube.com/watch?v=DuRgqsfHXss&t=73s) izləyə bilərsiniz.
Dumanlı Şuşa