Bu gün 20 ailə Talış kəndinə köçürüldü. Növbəti mərhələdə kəndə
158 ailənin köçürülməsi nəzərədə tutulur
Bunu Azərbaycan
Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan
işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi
nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, hazırda Talış
kəndinin birinci mərhələ üzrə bərpa-quruculuq işləri çərçivəsində 20 yaşayış
evi və 9 qeyri-yaşayış binası, 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub
və kənd Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir.
“Kənd tamamilə qazlaşdırılıb.
Hazırda gedən bərpa-quruculuq işləri davam edir. Növbəti mərhələdə kəndə 158
ailənin köçürülməsi nəzərədə tutulur. Bu evlərin tikintisi çox qısa zaman
aparacaq. Çünki əsas infrastruktur layihələri həyata keçirilib və bundan sonra
sürətli şəkildə kəndin ikinci fazasını da icra edib həyata keçirəcəyik”, - deyə
o qeyd edib.
Xatırladaq ki, Tərtər
rayonunun Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası
Silahlı Qüvvələri tərəfindən Ermənistan işğaldan azad edilib.