"Ümumilikdə
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində 706 tarix və
mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb".
Bunu mədəniyyət nazirinin müavini
Səadət Yusifova “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik
Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik
saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk
torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.
O bildirib ki, onlardan 11-i dünya
əhəmiyyətli (6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji),
240-1 ölkə əhəmiyyətli (119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyəti
arxeoloji), 455-i yerli əhəmiyyətli (393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü
yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli
arxeoloji abidə, 17-si dekorativ-tətbiqi sənət nümunələri) abidələrdir.
"Bu gün Müzəffər ali baş
komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan
ordusunun və xalqının Vətən müharibədə qazandığı tarixi zəfərdən sonra Qarabağ,
Şərqi Zəngəzur yenidən qurulur, oraya milli ruh və mədəni mühitin qaytarılması
üçün böyük işlər görülür. Mədəniyyət Nazirliyi tərəfindən Şuşa, Cəbrayıl,
Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər
rayonlarını əhatə edən ilkin monitorinqlər zamanı 427 tarix-mədəniyyət
abidəsinə baxış keçirilib. Həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında
olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin (yeni aşkar
olunmuş abidə) monitorinqi aparılıb. Monitorinqlər zamanı bir çox abidələrin
dağıdıldığı, mənimsənildiyi və vandalizm aktlarına məruz qaldığı aşkar edilib.
Lakin əminliklə deyə bilərik ki, qalib xalq olaraq biz Qarabağ və Şərqi
Zəngəzuru daha da gözəl şəkildə bərpa edəcəyik. Artıq 3-cü ildir ki, böyük
sevinc və həyəcan hissi ilə Qarabağda, Şuşada keçirilən Xarı Bülbül
festivalının sədasını eşidəcəyik. Bərpa edilmiş Vaqif məqbərəsinin ətrafında
keçirilən Vaqif Poeziya günlərinin də şahidi olacağıq. Bundan başqa,
Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk
dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir və yaxın günlərdə Şuşa onun
təntənəli açılış mərasiminə ev sahibliyi edəcək. Azərbaycan xalqının 30 ildən
artıqdır ki, pozulan mədəni hüquqları da dövlətimizin öz qüdrəti hesabına bərpa
olunacaq. İşğaldan azad olunmuş ərazilərdə böyük sürətlə aparılan quruculuq
işlərindən sonra öz yurdlarına qayıdan insanlar Qarabağın əsl ruhunu geri
qaytaracaq və Qarabağ yenidən regionun yüksək mədəniyyət mərkəzinə
çevriləcək", o deyib.