Füzuli rayonu işğaldan azad edildikdən sonra 62 inzibati ərazi
vahidində aparılmış ekoloji monitorinq zamanı Ermənistanın işğalı dövründə meşə
fonduna aid olmayan 5 688 ədəd ağac və kolun, 124 hektar meşə fondu sahəsinin
meşə ilə örtülü 2 hektarının, 1982-ci ildə qeydiyyata alınan təbiət abidəsi
statuslu 11 ədəd qədim ağacın (Şərq çinarı) hamısı məhv edilib, 90-cı illərdə
dövlət və sahə balansında qeydiyyata alınan 6 mineral xammal yatağından 3-nün
istismar olunduğu məlum olub.
Bu barədə Füzulidə
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin
Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası zamanı ekologiya və təbii sərvətlər
nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, işğaldan
azad edilmiş ərazilərdə mineral-xammal ehtiyatlarının qiymətlndirilməsi
nəticələrinə görə Füzuli rayonu ərazisində yerləşən Quruçay qum-çınqıl
yatağının, Dövlətyarlı əhəngdaşı yatağının, Dilağardı əhəngdaşı yatağının
istismar olunduğu, Cəbrayıl dağətəyi düzənliyi yeraltı su hövzəsinə daxil olan
Füzuli yeraltı su yatağında yeraltı şirin su quyularının tamamilə məhv
edildiyi, rayon ərazisində mövcud olmuş bütün kəhriz sistemləri dağıdıldığı
qeydə alınıb.
"Füzuli rayonu
ərazisinin geoekoloji və radioaktivlik şəraitinin qiymətləndirilməsi məqsədilə
kompleks geoloji tədqiqatlar aparılıb, Füzuli şəhəri və ətraf ərazilərin
radioaktivliyi qiymətləndirilib
İşğaldan azad edilmiş
ərazilərdə tikinti quruculuq işlərinin həyata keçirilməsi məqsədilə tikinti
materiallarına olan tələbatın ödənilməsi üçün Füzuli rayonu ərazisində yerləşən
“Dövlətyarlı” əhəngdaşı yatağının, “Aşağı Güzlək”, “Quruçay”, qum-çınqıl
yataqlarının istismarına icazə verilməsi planlaşdırılıb", - deyə V.Kərimov
əlavə edib.