Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il
üçün hazırlıq planına əsasən, ümumqoşun poliqonunda "N" hərbi
hissəsinin döyüş atışlı taktiki təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, təlimin planına uyğun
olaraq, tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində
dəqiqləşdirilib, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri
dinlənilib.
Bölmələr müxtəlif üsullarla taktiki yerdəyişmələri
yerinə yetirib, şərti düşmənin təxribat törədəcəyi ehtimal edilən ərazi
istiqamətində irəliləyərək atıcı silahlardan praktiki atışlar icra ediblər.
Döyüş atışlı taktiki təlimdə şərti düşmən
hədəflərinin aşkar olunaraq zərərsizləşdirilməsi üzrə qarşıya qoyulan
tapşırıqlar motoatıcı bölmələr tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimin keçirilməsində əsas diqqət bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.