Məlum olduğu kimi, cari ilin 19-20 sentyabr
tarixlərində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan
Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat
əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli
antiterror tədbirləri həyata keçirilmiş, terrorçu dəstələr təslim olmağa məcbur
edilmişlər.
Ötən müddətdə davam etmiş terror-təxribat
əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa
yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində
yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd
polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz
mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli
bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü
il tarixində tərk-silah edilərək saxlanılmışlar.
Qanunsuz erməni silahlı dəstələrinin tam
tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə
olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə
əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial
problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş,
qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları
Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülmüşdür.
Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ
bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının
Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin
erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə
reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə,
qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan
əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni
hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil
verməyə çağırır.
Silahları təhvil vermiş və Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni
millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat
verilir.