Nəsibə Eyvazova:
“Eksponatları nümayiş etdirəndə deyirdim ki, bu əşyalar bir ovuc Şuşa torpağından can alır”
“Cəmiyyətin və Medianın İnkişafı”
İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin dəstəyi ilə “Şuşanı tanıyaq, tanıdaq!” adlı layihənin
icrasını davam etdirir. Layihə çərçivəsində loveshusha.com saytı yaradılıb və
sayt üç - azərbaycan, rus və ingilis dillərində fəaliyyətə
başlayıb. Sayta əsasən Şuşanın keçmişi, bu günü və şuşalılarla bağlı məlumatlar
yerləşdiriləcək. “Şuşa ili” çərçivəsində loveshusha.com saytı şuşalılardan
müsahibələrə, onların xatirələrinə də üstünlük verəcək. Loveshusha.com-un növbəti
müsahibi Üzeyir Hacıbəyovun Şuşadakı ev
muzeyinin direktoru Nəsibə Eyvazovadır.
- Sizinlə
müsahibəyə hazırlaşanda oxuduğumuz məqalə və müsahibələrin hər birində
sizin Üzeyir bəy müsiqisinə, yaradıcılığına vurğunluğunuz hiss edilir...
- Düzdür. Məhz bu amil məni Şuşada fərəhlə işləməyə vadar edirdi. Ümumiyyətlə dahi insanlara olan sevgi, məhəbbət bizim ailədən gəlir, obrazlı desək qanımıza işləyib. 1982- ci ildən 1992-ci ilə qədər Şuşada Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru olmuşam. Muzey 1959-cu ildə dahi şəxsiyyətin adını əbədiləşdirmək üçün açılıb.
Mən muzeyə direktor təyin olunana qədər burada yalnız
Üzeyir Hacıbəyovun kitabları, əlyazmalarının nüsxəsi vardı. Yəni şəxsi əşyaları
yox idi. Amma mənim təyinatımdan sonra Üzeyir Hacıbəyovun Bakıdakı ev muzeyi ilə
sıx əlaqə qurdum və bəstəkarın qohumlarında qalan şəxsi əşyaları
alıb Şuşadakı muzeyə gətirdim.
- Şuşanı tərk
edərkən əşya və eksponatları necə çıxardınız?
- Vəziyyət günbəgün pisləşirdi. Son günlərdə evakuasiya başladı və Şuşa sakinləri şəhərdən çıxarıldı. O günlərdə rəhbərliyə müraciət etdim ki, bəs muzey dağıla bilər, bu əşyaları Bakıdan əziyyətlə gətirmişəm. Dedilər muzey əşyaları üçün Şuşa həbsxanasında bir otaq ayıraq, razılaşmadım. Muzeylər haqında qanunvericiliyə əsasən mədəniyyət nazirinin əmri olmadan heç bir əşyanı bir yerdən digər yerə aparmağa icazə yoxdur. Mən heç kimdən icazə öz almadan əşyalarımızla birgə muzey əşyalarını götürüb Şuşanı tərk etdik.
Bir sözlə mən qanunvericiliyi pozub, necə deyərlər əşyaları oğurlayaraq
Şuşanı tərk etdim. Ən ağrılısı bilirsinizmi nə idi? Bir ovuc torpaq
götürməyim. Torpağı götürəndə ağlaya- ağlaya dedim ki, aparıram, əmanətdir,
qaytaracam. Həqiqətən bu torpaq mənə o qədər əziz, doğma olub ki...
Həmişə eksponatları nümayiş etdirəndə deyirdim ki, bu əşyalar o bir
ovuc Şuşa torpağından can alır. Öz canını götürüb gedirsən, amma
dahi şəxsiyyətin ikinci dəfə olmayacaq əşyasını orda qoyursan... Bu,
vicdansızlıq olardı. Üzeyir bəyin uşaqlıq geyimini, paltosunu,
kostyumunu, ilk çaldığı skripkasını, qələmdan, şamdan, anasının gəlinlik
paltarını götürdüm.
O vaxtlar Şuşada xalça muzeyində Üzeyir bəyin əsərlərini əks etdirən
xalça toxunmuşdu. Onu vermişdilər ki, biz nümayiş etdirək. Sahibinə
qaytarmaq mənim mənəvi borcum idi. Mən onu da götürdüm və sahibinə, Xalça
Muzeyinə qaytardım. Ola bilər kimsə dəyərləndirdi, kimlərsə də dəyərləndirmədi,
amma mən qürurla deyirəmki, erməni vandalları Üzeyir bəyin heç bir şəxsi əşyasını
ələ keçirə bilmədi. Əşyalarla bərabər əlyazmaları, dahi bəstəkarın öz
imzası ilə hədiyyə olunmuş kitabları, plastinkaları da çıxarmışam və nə
yaxşı ki, mən o çətin günlərdə belə bir qərar vermişəm.
- Şuşanın işğaldan azad olunması xəbərini necə
qarşıladınız?
- Açığı, etiraf edim ki, ümidlərim ölmüşdü. İnanmırdım Şuşa işğaldan azad olunar. Ancaq müharibə başladı. Qulağımız cəbhədən gələn xəbərlərdə idi. Azad olunan yerlərin adları açıqlananda fərəhlənirdim. Bu məmin üçün ikiqat fərəh idi. Övladım Nicat Eyvazlı Füzulidən Şuşaya qədər döyüşdü. 8 gün ondan xəbər ala bilmədim. Dövlət başçısının müraciətləri ümid yerimizə çevrilmişdi. Bir gün televiziyada xəbər verildi ki, prezidentin xalqa müraciəti olacaq. Həmin müraciətdə Ali baş komandan Şuşanın işğaldan azad edildiyini açıqladı (ağlayır - red). Qışqırmaq istədim, səsim boğazımda quruyub qaldı. Bu xəbərin üstündən iki saat keçəndən sonra övladımdan da xəbər gəldi. Ağır yaralanmışdı. Şükrlər olsun bu günə. Prezidentin fərmanı ilə 6 medalla təltif edildi oğlum.
- Şuşa erməni işğalından azad ediləndən sonra ziyarətə
gedə bildinizmi?
- Şuşa işğaldan azad
ediləndən sonra iki dəfə ziyarət etmişəm. İlk dəfə Cıdır düzünə qalxanda hiss
etdim ki qocalmışam. Axı mən ordan çıxanda o qayadan bu qayaya atlanırdım. İndi
tuturdum ki, yıxılmayım. 30 il ərzində atalı-analı dünyamı itirdim. Gəncliyimi
itirdim. Fəxr edirəm ki, bu illəri Üzeyir bəyə həsr etmişəm.
- Muzeyin bərpası gözlənilirmi?
- Heydər Əliyev Fonduna dəvət edib fikirlərimi öyrəniblər. Muzey əvvəlki vəziyyətində bərpa olunacaq və təkcə azərbaycanlılar yox, dünyanın müxtəlif yerlərindən gələn turistlər Üzeyir bəyin ocağını ziyarət edəcəklər.
Aytən Əhmədova, Kərəm Ələsgərov