Şuşa +10 °C  
UFAZ-da Şuşanın 270 anı filmi nümayiş olunub

UFAZ-da Şuşanın 270 anı filmi nümayiş olunub

Azərbaycan-Fransız Universitetində Şuşa ili çərçivəsində “Şuşanın 270 anı” qısametrajlı filminin nümayişi baş tutub.

Filmin layihə rəhbəri və jurnalist Lalə Azərtaşın iştirakı ilə keçirilən tədbirdə UFAZ-ın müəllim və tələbələri iştirak edib. Tədbirdə dövlət himni səsləndirilib, daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Lalə Azərtaş tamaşaçılara filmin tarixçəsi və ərsəyə gəlməsi barədə məlumat verib. Filmdəki hadisələr 44 günlük Vətən müharibəsindən sonraya təsadüf edir. Filmin qəhrəmanı Natavan 5 yaşında məcburi tərk etdiyi Şuşanı ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı foto-sərgi vasitəsilə dünyaya çatdırmaqdır. Bundan başqa filmdə real tarixi hadisə, görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu canlandırılıb.

Tədbirin sonunda UFAZ-ın İcraçı direktoru və YAP idarə heyətinin üzvü Vazeh Əskərov Lalə xanıma təşəkkürünü bildirib. O bildirib ki, 2023-cü il Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Vazeh Əskərov və Lalə Azərtaş UFAZ tələbələrini gələcəkdə harada çalışmasından asılı olmayaraq Azərbaycan reallıqlarının çatdırılmasında fəal olmağa səsləyiblər.