Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycana
qarşı törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı beynəlxalq insan
hüquqları təşkilatlarına növbəti dəfə müraciət edib.
Ombudsman Aparatından
verilən xəbərə görə, müraciətdə deyilir:
"Ermənistan tərəfindən Azərbaycana
qarşı uzun illər ərzində əsassız ərazi iddiaları irəli sürülməklə bərabər, həm
də kəskin milli, irqi və dini nifrət zəmnində işğalçılıq, etnik təmizləmə,
soyqırımı, terrorçuluq siyasəti həyata keçirilmişdir. Bunun acı nəticəsi
olaraq, Azərbaycan ərazilərinin 20 faizindən çoxu 30 ilə yaxın bir dövr ərzində
Ermənistan tərəfindən işğal altında saxlanılmış, bir milyona yaxın soydaşımız
öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüşdür. Hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslər də
amansızcasına qətlə yetirilmiş və ya əlilliyə səbəb olan müxtəlif ağır
xəsarətlər almış, habelə əsir və itkin düşmüş, girov götürülmüşlər.
Birinci Qarabağ
müharibəsi dövründə 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxs olmaqla,
ümumilikdə 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüşdür. Onlardan 71 nəfəri
yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə yaşlı insanlar
olmuşdur. Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar
amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilmiş, daha sonra onların
nəşləri kütləvi şəkildə, qeyri-insani formada basdırılmışdır.
Azərbaycanın
aidiyyəti dövlət orqanları tərəfindən Ermənistana, eləcə də beynəlxalq
təşkilatlara çoxsaylı müraciətlər edilsə də, bu gün də Ermənistan tərəfi
əsassız bəhanələrlə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən
yayınır, əsir və girov götürülmüş azərbaycanlıları müxtəlif ağır işğəncələrə
məruz qoymaqla qətlə yetirərək qeyri-insani şəraitdə basdırdıqları kütləvi
məzarlıqların xəritələrini verməkdən imtina edir.
Göründüyü kimi,
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində qaçqın və məcburi
köçkünə çevrilmiş, habelə əsir və itkin düşmüş, girov götürülmüş çoxsaylı
soydaşlarımızın beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit
olunmuş fundamental insan hüquqları, xüsusən də yaşamaq, azadlıq və sərbəst
hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq,
sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi hüquqları kütləvi və kobud
şəkildə pozulmuşdur.
Beynəlxalq
hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarını heçə sayaraq
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın müddət
ərzində işğal altında saxlayan Ermənistan tərəfindən ölkəmizin ayrılmaz tərkib
hissəsi olan Qarabağ və ətraf rayonlarda həyat üçün zəruri olan əksər
sosial-iqtisadi infrastruktur obyektləri, yaşayış və qeyri-yaşayış obyektləri
yerlə-yeksan edilmiş, hətta tarixi-mədəni və dini abidələr, o cümlədən
qəbiristanlıqlar tamamilə dağıdılmışdır.
Ermənistanın
işğalı dövründə Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş,
qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı
yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz şəkildə istismar
olunmuşdur.
Transsərhəd çay
olan Oxçuçayın uzun illərdir ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz
qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının
keyfiyyətinə də mənfi təsir göstərir ki, bu da həyat və sağlamlıq üçün son
dərəcə təhlükəli nəticələr verir.
Bütövlükdə
götürdükdə bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərindən hələ də əl
çəkməyən Ermənistan ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və
faunasına, su mənbələrinə, ümumilikdə regionun ekosisteminə ciddi zərər vurmaqda
davam edir.
Ermənistanda
texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının
(AES) hazırda da fəaliyyət göstərməsi yalnız Azərbaycan və Ermənistan üçün
deyil, həm də bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. Bu isə o deməkdir ki,
regionun hər bir ölkəsi Çernobıl və Yaponiyanın Fukuşima AES-lərinin aqibətini
yaşamaq riski ilə üz-üzədirlər. Müxtəlif beynəlxalq təşkilatların və atom
sahəsi üzrə mütəxəssislərin artıq istismar müddəti bitmiş “Metsamor” AES-i
“bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq,
Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırmır, əksinə onun fəaliyyəti
2026-cı ilə və ondan sonrakı müddətə uzadılmışdır.
Yeri gəlmişkən,
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali
Nümayəndəsinin (Aİ Komissiyasının) Ermənistan üzrə tərəfdaşlığın
implementasiyası haqqında 2022-ci il 17 may tarixli hesabatında da qeyd
edilmişdir ki, “Metsamor” AES nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə
qəbul edilmiş standartlara tam cavab verəcək formada təkmilləşdirilə bilməz və
buna görə də onun bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması
tələb olunur.
Ermənistan və
Azərbaycan arasındakı hərbi əməliyyatlara son qoyulduğunu elan edən 2020-ci il
10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda
dövlətlərarası münasibətlərin yeni reallıqlara uyğun olaraq
normallaşdırılmasına və inkişafına xidmət edən davamlı sülhün təmin olunması,
regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması, bölgədəki
iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üçün yeni imkanlar
yaranmışdır.
Hazırda uzun
illərdir ki, doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayan soydaşlarımızın öz
torpaqlarına təhlükəsiz şəraitdə qayıdışının təmini məqsədilə Azərbaycan
işğaldan azad edilmiş ərazilərinin mina və digər partlayıcı qurğulardan
təmizlənməsi, bərpa-quruculuq işləri istiqamətində tədbirlər həyata keçirir.
Bütün bunlar həmin ərazilərdə davamlı inkişafa xidmət etməklə məcburi köçkün
məsələsinin tamamilə həllinə yönəlmişdir. Lakin təəssüf ki, Ermənistanın pozucu
və təxribatçı fəaliyyəti, xüsusilə də mövcud mina problemi regionda dayanıqlı
və ədalətli sülhün təmin edilməsi, insanların həyat və sağlamlığı üçün mühüm
təhlükə olaraq qalmaqda davam edir, dinc sakinlərimizin hüquqları hələ də
pozulur.
İstər işğal
dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən
sonra Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizdə basdırılmış
çoxsaylı piyada və tank əleyhinə minaların partlaması nəticəsində hərbi
qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslərin də mina terrorunun qurbanına
çevrilməsi, bununla da onların fundamental insan hüquqlarının kobudcasına
pozulması faktları bunu əyani şəkildə təsdiq edir. Belə ki, 2020-ci il 10
noyabr tarixindən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya
düşmələri nəticəsində 10 hərbi qulluqçu, 36 mülki şəxs həlak olmuş, 146 hərbi
qulluqçu, 88 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Beləliklə, 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində
3357 nəfər mina partlayışı nəticəsində həlak olmuş və ya xəsarət almışdır ki,
onlardan 38 nəfəri qadın, 357 nəfəri isə uşaqlardır.
Çoxsaylı insan
itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərimizə
təhlükəsiz qayıdışı ləngidir, aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa
işlərinə ciddi maneə yaradır. Məhz buna görə də, uzun illərdir ki, hüquqları
pozulan keçmiş məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıtması üçün
ilk növbədə həmin ərazilər minalardan təmizlənməli, orada tamamilə məhv edilmiş
infrastruktur bərpa edilməlidir.
Azərbaycan
dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, buna heç bir adekvat
cavab verilməmişdir. Ermənistan tərəfindən verilən mina xəritələri isə ümumi
minalanmış ərazilərin çox kiçik faizini əhatə etmiş və həmin sənədlərdə verilən
məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədə olmuşdur.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, beynəlxalq
təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları
təsisatlarına ünvanladığımız hesabat, bəyanat və müraciətlərdə Ermənistanın
törətdiyi müharibə və terror cinayətləri, o cümlədən mina problemi ilə bağlı
faktlar əsasında məlumat verilməsinə, işarələnməmiş minaların dəqiq
xəritələrinin ölkəmizə təhvil verilməsinin əsaslandırılmasına baxmayaraq, qarşı
tərəf bu məsələyə hər hansı bir reaksiya verməmişdir. Əksinə, Azərbaycanın BMT
tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, o cümlədən beynəlxalq
humanitar hüquqa tamamilə zidd olaraq, Ermənistan hələ də müxətlif diversiya
qrupları vasitəsilə torpaqlarımızı minalarla çirkləndirməklə, ətraf mühitə
qlobal təhlükə yaratmaqla mina terroru və ekosid cinayətlərini davam etdirir.
Azərbaycan
ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı və
talan edilməsi nəticəsində ətraf mühitə ciddi şəkildə zərər vurulur. Belə ki,
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası
ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı
yataqlarının qanunsuz istismarı nəticəsində baş verən ciddi ekoloji fəsadlar
bunu bir daha sübut edir. Təəssüf ki, beynəlxalq qurumlar hələ də bu məsələdə
susur.
Ermənistan
Ombudsmanı tərəfindən bu günlərdə yayımlanmış açıqlamada qeyd edilən əsassız
iddialarla bağlı bildiririk ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş
cəmiyyəti institutlarının nümayəndələri və ətraf mühitin mühafizəsinə önəm
verən ictimai fəallar tərəfindən Laçın-Xankəndi yolunda davam etdirilən dinc
aksiya da məhz Ermənistan tərəfindən ölkəmizin təbii sərvətlərinin qanunsuz
istismarı, talan edilməsi və nəticə etibarilə həmin fəaliyyətlərin səbəb olduğu
ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaq məqsədi
daşıyır.
Nəzərə almaq
lazımdır ki, Azərbaycan Respublikası 1999-cu il 9 noyabr tarixli Qanuna əsasən
“Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar
qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında”
1998-ci il 25 iyun tarixli BMT Konvensiyasını ratifikasiya etmişdir. Bu aksiya
da ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən bu
Konvensiyanın tələblərinə uyğun şəkildə keçirilir.
2006-cı ildə BMT
Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş
ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan
torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə
təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası
Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı
rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə
Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması,
müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının
təmin edilməsi tələb olunmuşdur. Bütün bunlar ciddi hüquq pozuntularının mövcud
olduğunu təsdiqləyir. Bununla yanaşı, Ermənistan Respublikası tərəfdar çıxdığı
“Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən
istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya,
“Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına
nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının
transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiya və digər beynəlxalq
müqavilələr üzrə öhdəliklərinə də məqsədli şəkildə əməl etmir. Təsadüfi
deyildir ki, Ermənistan “Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi
və istifadəsinə dair” 1992-ci il tarixli Konvensiyanı ratifikasiya etməkdən də
qərəzli şəkildə yayınır.
Aksiya
iştirakçıları tərəfindən Laçın-Xankəndi yolunda humanitar yüklərin daşınması
üçün heç vaxt maneə yaradılmayıb və hazırda da yaradılmır. Humanitar məqsədlər
üçün açıq olan bu yolda hər iki istiqamətə onlarla avtomobil maneəsiz hərəkət
edir.
Bir daha
Ermənistan tərəfini aksiya barədə saxta məlumatlar tirajlamaq və beynəlxalq
ictimaiyyəti çaşdırmaqla Azərbaycana qarşı yalnış fikir formalaşdırmaq məqsədi
daşıyan qərəzli açıqlamalar verməkdənsə, uzun illər ərzində Azərbaycana qarşı
törədilən müharibə cinayətlərini və ekoloji terroru dayandırmağa, Azərbaycana
qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının
taleyinə aydınlıq gətirilməsinə, əsir və girov götürülmüş Azərbaycan
vətəndaşlarının ağır işgəncələrə məruz qoyulmaqla qətlə yetirilməsi və
nəşlərinin kütləvi şəkildə, qeyri-insani formada basdırılması faktlarını
araşdırmağa, Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizdə basdırılmış
və günahsız insanların həyatlarının itirilməsi və ya əlilliklə nəticələnən ağır
xəsarətlər almasına səbəb olan minaların dəqiq xəritələrini ölkəmizə təhvil
verməyə dəvət edirəm.
Hesab edirik ki,
beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrdə fəaliyyət göstərən
ombudsman təsisatları və digər milli insan hüquqları institutları regionda
pozulan insan hüquqlarının bərpası naminə beynəlxalq hüququn norma və
prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüququn tələblərinə Ermənistan
tərəfindən əməl olunması və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə
səylər göstərməlidir.
Ermənistan
transsərhəd çay olan Oxçuçayın zəhərli maddələrlə çirkləndirilməsinə, Rusiya
sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası
ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı
yataqlarının qanunsuz istismarına son qoymalı, Azərbaycanın müvafiq dövlət
orqanlarına ekoloji və digər fəsadlarla bağlı həmin yataqlarda monitorinq
aparmasına şərait yaradılmalıdır.
Çernobıl və
Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün təcili olaraq
“Metsamor” AES-in fəaliyyəti təhlükəsiz şəkildə dayandırılmalı və radioaktiv
tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan yanacaq idarəetməsinin
təhlükəsizliyi və radioaktiv tullantıların idarə edilməsi təhlükəsizliyi
haqqında” Birgə Konvensiyasının, habelə Avropa Şurası Parlament Assambleyasının
1588 saylı qətnaməsinin (2007) müəyyən etdiyi tələblərə uyğun şəkildə ciddi
beynəlxalq nəzarət altına alınmalıdır.
Ermənistanda və
onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin
formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə
maneə yaradan xoşagəlməz hadisələr, eyni zamanda, erməni əsilli şəxslər
tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və
kin dolu ifadələrin işlənməsi kəskin şəkildə pislənilməlidir. BMT tərəfindən
qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana
Konvensiyasına, “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən
diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və
cəzalandırılması haqqında” 1973-cü il tarixli Konvensiyaya uyğun olaraq,
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş hücumlarla
bağlı qanuni ölçü götürülməlidir.
Bundan əvvəlki
illərdə, eləcə də hazırda təqdim etdiyimiz müraciətdə öz əksini tapmış insan
hüquqları pozuntuları ilə bağlı təkzibolunmaz faktlar Ermənistanın sülh və
insanlıq əleyhinə, habelə müharibə və terrorçuluq cinayətlərini bir daha ifşa
etməklə həmin dövlətə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən
addımların atılmasını zəruri edir.
Ümidvarıq ki,
beynəlxalq təşkilatların ədalətli mövqeyi, insan hüquqlarına hörmət
müstəvisində yanaşmaları əsasında Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin
və iqtisadi inkişafın təmin edilməsinə nail olmaq mümkün olacaq".
Qeyd edək ki,
müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan
Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin
İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa
Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar
İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq
Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam
Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa
Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty
International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli
insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki
və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor
təşkilatlarına göndərilib.