Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapılıb.
Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
O bildirib ki, sonuncu dəfə 2-3 gün bundan öncə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə meyit qalıqları təqdim edilib.
"Mina axtaranlar, prokurorluq işçiləri, təmir-tikinti işləri ilə məşğul olanlar qalıqlar tapanda, bizim əməkdaşlarımız onları qablaşdırıb gətirirlər. Bu qalıqların itkin düşmüşlərə, yoxsa sonrakı dövrdə həlak olmuş şəxslərə aid olduğu bilinmir. Bəzən qabırğa sümükləri gəlir, lakin ondan DNT nümunəsi götürmək olmur. Çünki çürümüş olur. Amma əlimizdə təxminən 300-400 şəxsə aid qalıqlar var. Hələlik konkret neçə şəxsə aid olduğunu demək mümkün deyil", - deyə o, əlavə edib.
Ədalət Həsənov qeyd edib ki, eyni zamanda naməlum şəhid məzarlarından da qalıqlar çıxarılıb:
"Ümumi şəxslərin siyahısına onlar da daxildir. Bu yaxınlarda yenidən axtarış işləri üçün əməkdaşlarımız Füzuli rayonunda idilər. Mayın 16-na qədər qazıntılar aparıldı. Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapıldı".
Qeyd edək ki, Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir. Konfrans Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkil edilib. Konfransın əsas müzakirə mövzusu I Qarabağ müharibəsində itkin düşənlərdir.