Dövlət
Komissiyası fəaliyyətinin ilk dövrlərindən Azərbaycan Respublikasının qoşulduğu
beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç
Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edir.
Bu fikirləri Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi,
İşçi qrupunun rəhbəri İsmayıl Axundov Bakıda keçirilən “Məhkəmə arxeologiyası
və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda beynəlxalq
konfransda deyib.
Onun sözlərinə görə, intensiv
hərbi əməliyyatların getdiyi Birinci Qarabağ müharibəsində əməkdaşlığın əsas
elementi 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının tələblərinə uyğun
olaraq əsir-girov götürülmüş hər iki tərəfə aid şəxslərə saxlanma yerlərində
baş çəkilməsi, ailə əlaqələrinin təmin edilməsi, xəstə və yaralıların
müalicəsinə köməklik göstərilməsi və repatriasiyasının (tərəflərə təhvil
verilməsi) təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi işinin təşkilindən
ibarət olub. "Münaqişə dövründə I Qarabağ müharibəsində 1480, II Qarabağ
müharibəsindən sonra isə 26 azərbaycanlı əsir-girovluqdan azad edilib. Qarşı
tərəfə isə Qarabağ müharibəsində 500 nəfərdən çox, Il Qarabağ müharibəsindən
sonra keçən müddət ərzində 181 erməni əsilli şəxs azad edilərək təhvil verilib.
Eyni zamanda, BQXK münaqişə dövründə qoşunların qarşıdurma xəttində və döyüşdə
həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın
meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib.
Ümumiyyətlə, 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından
iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib”, - deyə İsmayıl
Axundov vurğulayıb.
Qeyd edək ki, beynəlxalq
konfrans Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə
təşkilatçılığı ilə Azərbaycanda ilk dəfədir təşkil edilir.
Dumanlı Şuşa