Şuşa +12 °C  
28 May - gen yaddaşımıza həkk olunmuş mübarək gün!

28 May - gen yaddaşımıza həkk olunmuş mübarək gün!

Bir gün haqqında düşünək: bütöv bir xalqın taleyində qızıl hərflərlə yazılan, bütün müsəlman Şərqində İLKlərə imza atan əsrə bərabər bir gün haqda!

Bir gün haqqında düşünək; qosqoca imperiyaları dağıdan, planetin siyasi xəritəsini yenidən şəkilləndirən Birinci cahan savaşının alovlarında öz xalqına nicat yolunu göstərmiş, tarixin gedişini dəyişmiş bir gün haqda!

105 il öncə doğulmuş və gen yaddaşımıza üçrəngli bayrağımızla, əbədi, dönməz və daimi istiqlalımızı həkk etmiş 28 may!

Bu fikirlər jurnalist Lalə Azərtaşın “28 May - gen yaddaşımıza həkk olunmuş mübarək gün!” sərlövhəli məqaləsində yer alıb.

Qeyd olunub ki, Birinci cahan savaşından məğlubiyyətlə ayrılmış, fevral burjua inqilabının ardınca bolşeviklərin çevriliş etdiyi, hər guşəsindən ölüm, ümidsizlik və məyusluq yağan Rusiya imperiyasında türklərin, müsəlmanların öz müqəddəratını təyin etmək məqamı yetişmişdi. Çökmüş imperiya ana torpaqlarını zəbt etdiyi türklərə və müsəlmanlara heç vaxt vətən olmamışdır, əksinə, mövcudluğunun bütün dönəmlərində “xalqlar həbsxanası” olmaqdan irəli getməmişdi, getmək istəməmişdi. “Azərbaycan” adlanan ərazini isə xalqın özünüdərkinin qarşısını almaq üçün müxtəlif inzibati vahidlərə parçalamışdılar. Ana dilində məktəblər yox dərəcəsində, ali təhsilli ziyalıların sayı barmaqla sayılacaq qədər, çar ordusuna xidmətə çağırılmayan kişilər isə sadəcə, neft sənayesində ucuz işçi qüvvəsini təşkil edirdi. Bir yandan isə çağırılmamış qonaqların, nankor qonşularımızın qəsbkarlıq, dağıdıcılıq, düşmənçilik siyasəti. Hələ bu harasıdır? Mübarək 28 Maydan cəmi iki ay əvvəl Lenin bolşeviklərinə və faşist daşnaklarına güvənən “Bakı komissarları” adlı qondarma qurum Azərbaycanın dörd bir yanında soyqırımı törətmişdi, gələcəkdə qurulacaq dövlətin paytaxtını ələ keçirib amansız qırğınları davam etdirirdi. Şamaxıdan Təbrizədək ana Vətənimiz qan gölünə dönmüşdü. İrəvan, Zəngəzur, Qarabağ müharibə meydanını xatırladırdı. Bir sözlə, böyük bir xalq iztirab içində, ziyalılar, fikir adamları isə çarəsiz durumda idilər.

Hər qaranlıq gecənin bir işıqlı sabahı olduğu kimi, yaxşı ki, hər “28 aprel”dən sonra istiqlalımızın qaranquşu kimi 28 May gəlir! 105 il bundan əvvəlin 28 Mayı təkcə Azərbaycan xalqının müstəqillik günü deyil, eyni zamanda, bütün müsəlman Şərqinin xilası, oyanışı günüdür.

“Bizi 28 Maya doğru aparan yol barədə söz açmaq istəyirəm, çünki bu yolu xatırlamadan tariximizə qızıl hərflərlə yazılmış bu əzəmətli günün mahiyyətini dərk etmək çətindir. 28 May, ilk növbədə, Azərbaycan ziyalılarının, mənbəyini ölməz Axundov ideyalarından götürən dahi mütəfəkkirlərin arzusu və idealı olmuşdur. “Qafqaz müsəlmanlarını necə adlandırmalı” məqaləsində “Dilimiz Azərbaycan dili, milliyyətimiz azərbaycanlı” yazan Məhəmməd ağa Şahtaxtlını, “Dilim nə dildir? Azərbaycan dili! Bəs Vətənim haradır? Azərbaycan”, - deyən Mirzə Cəlili, “Bizə fədai lazımdır; türk qanlı, İslam imanlı, firəng kafalı fədai”, - söyləyən Əli bəy Hüseynzadəni və bayrağımızda əks olunmuş “Türkləşmək, müasirləşmək, islamlaşmaq” qayəli məşhur prinsipi sahibi olduğu “Açıq söz” qəzetinə şüar seçib yaddaşımıza hopduran Rəsulzadəni xatırlayaq. Adlarını sadalamaqdan qürur duyduğumuz dahi fikir adamları maarifçilik işığına bürünmüş əsərlərində istiqlalımızın bünövrəsini mökəmləndirmişdilər. Elə ona görə də ana Vətəndən uzaqlarda, Tiflisin gərgin ictimai-siyasi mühitində millətin xilas yolunu müəyyənləşdirmək üçün “nə etməli” sualına dəqiq və cəsarətlə cavab verdilər – “İnsanlara hürriyyət, millətlərə istiqlal”.

“28 May bizə nə verdi” sualının cavabı isə heç də yalnız müstəqillik əldə etməyimiz, dövlət yaratmağımız deyil, hətta onun belə fövqündə dayanan fenomendir. O vaxta qədər milli kimlik məsələsi nəinki Qafqazda və bütün Rusiya imperiyasında, hətta bütün müsəlman Şərqində bu qədər siyasi anlam kəsb etməmişdi. Bu baxımdan Cümhuriyyət dövrünü tədqiq edən dəyərli tarixçilərimizin bu fikri ilə razılaşmamaq mümkün deyil ki, Cümhuriyyət “ümmətdən millət yaratdı”. Elə bir millət ki, öz azadlığına, istiqlalına sahib çıxdı və bu məfkurə yolunda “can verməyə, qan tökməyə hazır” olduğunu dəfələrlə sübut etdi. 28 May o vaxta qədər coğrafi anlam kəsb etmiş Azərbaycan adına siyasi-ideoloji məna qatdı, doğma Azərbaycanımız hansısa məkanın yox, dövlətin adı oldu. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”, - deyə L.Azərtaş vurğulayıb.

Diqqətə çatdırılıb ki, “Biz ilk demokratik cümhuriyyətin yaranması gününü həmişə əziz tuturuq” ifadəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hamının əzbərdən bildiyi tarixi sözləridir. Ulu Öndər dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.

Müzəffər Ali Baş Komandanımızın bir çağırışı ilə müsəlləh əsgərə çevrilmiş Azərbaycan oğulları Cümhuriyyətimizin müqəddəs əmanəti - üçrəngli Bayrağımızı Şuşada, həmçinin işğaldan azad olunmuş bütün ərazilərimizdə dalğalandırdı. Prezident İlham Əliyevin hazırda Zəngəzur dəhlizinin bərpası istiqamətində yürütdüyü diplomatiya bir tərəfdən regiona sabitlik və inkişaf vəd edir, digər tərəfdən isə dövlətçilik tariximizin ənənələrindən qaynaqlanır. Qərbi Azərbaycanımız itirilmiş vətən torpağıdır, Zəngəzur isə Xalq Cümhuriyyətinin inzibati ərazisi olmuşdur.

“Bu gün qürurla deyirik ki, müstəqil Azərbaycan müsəlman Şərqinin ilk demokratik dövlət qurumunun hüquqi varisidir. Uğurlarla və zəfərlərlə dolu yaşadığımız hər gün müstəqil respublikamızın bu şərəfli varislik missiyasını böyük ləyaqətlə davam etdirməsinin sübutudur, - deyə müəllif bildirib.