Milli
Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.
Bu gün 1988-ci ilin
noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Həmin vaxt Sovet rəhbərliyinin
Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində
Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə
Bakının əsas meydanı sayılan Azadlıqda (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli
mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın
anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər
SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının
milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
1989-cu ilin iyulunda
Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali
Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi
Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun
yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə
edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə
yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə,
azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC
rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və
Demokratik Blok adlı fraksiya yaratdılar.
1991-ci il oktyabrın 18-də
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin
mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan
Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan
çıxarıldı.
1990-cı il noyabrın 17-də
Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası
keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri
çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın
adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin
qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər
Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.
Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar
Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq
deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu
ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli
bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi
qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət
qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi
yolun başlanğıcı qoyuldu.
Azərbaycan 2020-ci ildən
etibarən Milli Dirçəliş Gününü xüsusi coşqu və fərəhlə qeyd edir.
Çünki 2020-ci ildə 44 günlük
Vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrinə ağır və
sarsdıcı zərbələr vuraraq işğalda olan əraziləri azad etdi. Bu, həm də İranla
132 kilometr sərhədin bərpa olunması deməkdir.
Azərbaycan bu gün Ermənistana
diktə edən tərəfə çevrilib. Vətən müharibəsindən sonra Azərbaycanın gücü yeni
mərhələyə keçid edərək İrəvan üzərində əlavə rıçaqların qazanılmasına gətirib
çıxarıb.
Azərbaycan Milli Dirçəliş
Gününü tarixi və milli qürurunu bərpa edərək qeyd edir.