Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 28-30 avqust tarixində Azərbaycanın mədəniyyət paytaxtında yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşada bir araya gəlib. Layihənin iştirakçıları Xalq artistləri, bəstəkarlar Sərdar Fərəcov və Salman Qəmbərov, Əməkdar incəsənət xadimi, musiqişünas Zümrüd Dadaşzadə həmçinin Türkiyədən gələn tanınmış bloqerlərlə birlikdə Yuxarı Gövhər Ağa məscidi və Şuşa Realnı məktəbi, Cıdır düzü, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllər”i yerləşən mərkəzi meydanı, Şuşa qala divarlarını ziyarət ediblər, şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar. Layihənin nəticəsi olaraq ilin sonuna kimi iştirakçıların Şuşaya səfər təəssüratları altında yaranan əsərlərin təqdimatı, qala gecənin keçirilməsi planlaşdırılır. Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllər”i yerləşən meydandan başlayan ziyarətdə Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov dahi bəstəkarın şəxsiyyəti və yaradıcılığı, eləcə də bu abidələrin tarixi barədə iştirakçılara məlumat verib. Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Bülbül və Xan qızı Natəvanın yaradıcılığından söz açıb, bu il Bülbülün 125, Natəvanın 190 illik yubileylərinin geniş şəkildə qeyd edildiyini vurğulayıb. Çıxışlardan sonra iştirakçılar Şuşanın görməli yerlərini gəziblər. Qeyd edək ki, layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti bir daha məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.