Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar
faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib:
"1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi
təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı
hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada
dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi.
İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 149 mülki şəxs qətlə yetirildi,
744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. SSRİ rəhbərliyinin Azərbaycan
xalqına qarşı ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlıların indiki
Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və
Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan
xalqının keçirdiyi kütləvi etirazları və başlatdığı milli azadlıq hərəkatını
güc yolu ilə yatırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququ
və Konstitusiyanı kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş
qırğın törətdi. Faciəvi hadisələrdən dərhal sonra 21 yanvar 1990-cı il
tarixində, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində
Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirərək, Azərbaycan xalqına qarşı
törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, törədilmiş qırğına siyasi və
hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdi. Milli
Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il
yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz
və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın
20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20
Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. 20 Yanvar faciəsi Azərbaycan milli
kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət
müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 33 il əvvəl sovet rejiminin
hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi
mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda
canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq
salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur
günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren
və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Üzərindən 33 il
keçməsinə baxmayaraq, bütün beynəlxalq hüquqi sənədlərin kobud şəkildə
pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli
cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətləndirmə
verilməyib. Bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyi bilavasitə məsuliyyət
daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar faciəsi insanlıq əleyhinə cinayət
kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Bu
gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi
bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu şaddır. Müzəffər
Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, 30 il
ərzində düşmən işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi
bütövlüyü bərpa edilib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi
bütövlüyünə qarşı addımlar bundan sonra da layiqincə cavablandırılacaqdır.
Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi
yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin
hüznlə yad edirik".